AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

AZƏRBAYCANDA İNŞAAT və MEMARLIQ

ELMİ-PRAKTİKİ JURNAL
Flag of Azerbaijan

Azərbaycanda İnşaat və Memarlıq (2026) № 1 PDF

İNŞAAT KONSTRUKSİYALARI , BİNA VƏ QURĞULAR

AĞDAM RAYONU ƏRAZİSİNDƏ “AĞDAM CÜMƏ” VƏ “QİYASLI” MƏSCİDLƏRİNİN MÜAYİNƏSİ VƏ BƏRPASINA DAİR TƏKLİFLƏR

Yusifov N.R Yusifov Y.N Hüseynov R.R

PDF 3-10
0

Məqalə “Ağdam Cümə məscidi” və “Qiyaslı kənd məscidi” memarlıq abidələrinin mühəndis müayinəsi və yükdaşıyan konstruksiyalarının bərpası və gücləndirilməsi təcrübəsinə həsr edilmişdir. Müəlliflər tərəfindən 2022-ci ildə araşdırılan abidələrin memarlıq və konstruktiv xüsusiyyətləri, faktiki texniki vəziyyəti, konstruksiyaların zədələnməsi və məqsədyönlü dağıdılma halları, müşahidə olunan çatlar və yaranmış deformasiyalar və s. ətraflı şərh olunmuşdur 

BİNALARIN KONSTRUKTİV BÜTÖVLÜYÜ: GETDİKCƏ ARTAN DAĞILMADAN MÜHAFİZƏ METODOLOGİYALARININ MÜQAYİSƏLİ TƏDQİQİ

Eyyubov İ.C.

PDF 11-19
0

Müasir çoxmərtəbəli və böyükaşırımlı binaların layihələndirilməsində konstruktiv bütövlüyün təmin edilməsi və lokal zədələnmənin zəncirvari dağılmaya çevrilməsinin qarşısının alınması strateji prioritetdir. Bu məqalədə, Azərbaycan Respublikasının yeni milli layihələndirmə Norması olan AzDTN 2.1-2 “Bina və qurğuların getdikcə artan dağılmadan mühafizəsi” sənədinin metodoloji əsasları beynəlxalq standartlarla (Eurocode EN 1991-1-7 və ABŞ-ın UFC 4-023-03) müqayisəli şəkildə təhlil edilir. 

Tədqiqat çərçivəsində, milli normativdə nəzərdə tutulmuş “Həndəsi dairə” metodu ilə müəyyən edilən yerli dağılma zonaları (6 m, 10 m və 11.5 m diametrli) və bu zonaların beynəlxalq normalardakı “tək sütun çıxarılması” (column removal) yanaşmalarından fundamental fərqləri araşdırılmışdır. 

Məqalədə beynəlxalq praktikada “rabitə qüvvəsi metodu” (Tie Force Method) kimi tanınan dolayı yanaşmanın milli standartlarda birbaşa fəza analizi ilə əvəzlənməsinin gətirdiyi konstruktiv üstünlüklər və hesablamanın dəqiqliyi məsələləri araşdırılmışdır. Beynəlxalq standartlardan fərqli olaraq, AzDTN 2.1-2 sənədində dağılması orta ağırlıqlı fəsadlarla nəticələnən binalar üçün sadələşdirilmiş analitik düsturlar yerinə, materialların qeyri-xətti davranışını və fəza işini nəzərə alan birbaşa modelləşdirmənin (Direct Simulation) tələb olunmasının mühəndislik və təhlükəsizlik aspektləri əsaslandırılır. 

Nəticədə, milli normaların daha mühafizəkar və sərt təhlükəsizlik meyarları (məsələn, şaquli rabitələrin tam ox qüvvəsinə hesablanması) təyin etdiyi sübut olunmuş, AzDTN 2.1-2-nin tətbiqinin yerli tikinti sektorunda layihələndirmə keyfiyyətinə və konstruktiv təhlükəsizliyə töhfəsi qiymətləndirilmişdir. 

TİKİNTİ MATERİALLARI

DƏMİR-BETON KONSTRUKSİYALARINDA MEXANİKİ BİRLƏŞMƏLİ ARMATURLARIN İSTİFADƏSİNİN ÜSTÜNLÜKLƏRİ, MÖVCUD PROBLEMLƏR VƏ HƏLLİ YOLLARI

Əmrahov A.T., Bayramov F.H. Xudiyev A.N., Tahirov B.M., Abbasov R.H.

PDF 20-24
0

Bu məqalədə qısa şəkildə beton və dəmir-betonun yaranmasından müasir dövrə qədər inkişaf mərhələlərinə baxılmışdır. Betonun və armaturun möhkəmliyinin artması dəmirbetonda armaturun qaynaqla və naqillə üst-üstə birləşməsinin mufta birləşməsi ilə əvəz olunması vacibliyi göstərilmişdir. Xarici ölkələrin təcrübəsində istifadə edilən armaturların mufta ilə mexaniki birləşməsinin konstruksiyasına baxılmış, ГОСТ, İSO və Amerika Beton İnstitutunun standartının geniş analizi aparılmışdır. İdxalı nəzərdə tutulan muftaların giriş yoxlamasında vacib olan göstəricilər müəyyən edilmişdir.Yüksək keyfiyyətli mufta konstruksiyalarının ölkəmizdə yaradılmasının, istehsalı və istifadəsi üzrə müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir 

METAKAOLİNİN α-YARIMSULU GİPSİN XASSƏLƏRİNƏ TƏSİRİNİN ÖYRƏNİLMƏSİ

Məmmədova İ.H., Qurbanova İ.D.

PDF 25-29
0

İnşaat materialları sənayesində hal-hazırda yapışdırıcı materialların xassələrinin yaxşılaşdırılması üçün onların tərkibinin modifikasiyası geniş tətbiq edilir. Bu məqsədlə həm kimyəvi əlavələrdən, həm də dispers mineral əlavələrdən istifadə olunur. Belə əlavələrdən texnoloji əməliyyatın müxtəlif mərhələlərində istifadə olunması yapışdırıcı materialların xassələrini tənzimləyir və standartların tələblərini ödəyən yüksəkkeyfiyyətli materialların alınmasını təmin edir. Bu məqalədə metakaolinin α-yarımsulu gipsin xassələrinə təsiri öyrənilmişdir. 

ABŞERON MEMARLIQ ABİDƏLƏRİNİN RESTAVRASİYASINDA SUNİ ƏHƏGDAŞININ EFFEKTİVLİYİ VƏ TƏTBİQİ ÜSULLARI

Yusifov Y.N

PDF 30-36
0

Məqalə Abşeron yataqlarından təbii üzlük daşlarına zahiri, teksturu və fizikimexaniki xassələrinə oxşar olan süni üzlük materiallarının işlənməsinin tədqiqinə həsr edilmişdir. Tədqiqat nəticələri və hazırlanmış tərkiblərin, eləcə də təbii materialların fiziki-mexaniki xüsusiyyətləri təqdim olunmuşdur. 

Məqalədə Şahqaya yatağının təbii daş süxurları ilə tədqiqat nəticələri müqayisəsi verilmişdir. İşlənilmiş tərkiblərin göstəricilərinin, o cümlədən mexaniki xassələrinin, müqayisəsi göstərir ki, tərkiblərin memarlıq abidələrinin bərpası üçün tələb olunan xassələrə malik blokların, kəsmə daşların, üzlük tavalarının və eləcə də mürəkkəb profil elementlərinin hazırlanmasında istifadə olunması mümkündür. 

İşlənilmiş tərkiblər eyni dərəcədə binaların fasadlarının suvaq qatında, memarlıq abidələrində dağılmış üzlük daşlarının bərpasının divar kütləsində monolit şəkildə və bloklardan kəsilmiş daşlarla bərpasında istifadə olunması kimi alternativlər imkanlar yaradır. 

MEMARLIQ VƏ ŞƏHƏRSALMA

XANKƏNDİ ŞƏHƏRİNİN DAYANIQLI İNKİŞAFININ İDARƏ OLUNMASINDA İNNOVATİV YANAŞMA

Cəfərov N.N., Abdullayeva A.G.

PDF 37-42
0

Xankəndinin zəngin təbii potensialı (su ehtiyatları, relyef, iqlim, biomüxtəliflik) və mövcud infrastrukturun idarə olunmasının təşklində innovativ yanaşmaların tətbiq problemləri (su təchizatı, kanalizasiya, enerji, nəqliyyat) təhlil edilir, həll yolları təqdim edilir. Bu problemlərin həlli və təbii potensialdan səmərəli istifadə üçün əsas metodoloji və texnoloji vasitə kimi “Şəhər İnformasiya Modeli (CIM)” təklif olunur. Xüsusilə post-münaqişə dövrünün yaratdığı və mövcud infrastrukturun deqradasiyası nəticəsində ortaya çıxan unikal “təmiz səhifə” şəraitində bu model, köhnəlmiş sistemlərin yenidən qurulması kimi mürəkkəb proseslərdən yayınaraq, şəhərin bütün fiziki və sosial infrastrukturunu vahid rəqəmsal platformada, məlumat-yönümlü prinsiplərlə yenidən layihələndirməyə, bununla da Xankəndini dayanıqlı şəhərsalma həllərinin müvəffəqiyyətlə sınaqdan keçdiyi “canlı laboratoriya”ya çevirməyə imkan verən fundamental bir alət kimi təqdim edilir. CIM-in Coğrafi İnformasiya Sistemləri (GIS), Bina İnformasiya Modelləşməsi (BIM), Əşyaların İnterneti (IoT) və Süni İntellekt (AI) kimi komponentlərinin inteqrasiyası ilə şəhər infrastrukturunun "rəqəmsal əkiz"inin yaradılması və onun vasitəsilə resursların səmərəli idarə olunması, ekoloji tarazlığın qorunması və sosial inklüzivliyin təmin edilməsi yolları araşdırılır. Nəticədə, CIM texnologiyasının Xankəndini digər post-münaqişə regionları üçün innovativ və dayanıqlı şəhərsalma nümunəsinə çevirmə potensialına malik olduğu qeyd edilir. 

TARİXİ ŞƏHƏR VƏ MƏSKƏNLƏRİN QORUNMASINA DAİR HÜQUQİ SƏNƏDLƏRİN TƏHLİLİ VƏ GƏNCƏ-QAZAX REGİONUNDA TARIXI YAŞAYIŞ MƏSKƏNLƏRİNİN İNKİŞAF DİNAMİKASI

Mahmudova C.Ə.

PDF 43-49
0

Məqalədə tarixi şəhər və yaşayış məskənlərinin qorunmasına dair beynəlxalq və milli hüquqi sənədlərin təhlili aparılmış, həmçinin, Gəncə-Qazax regionunda tarixi yaşayış məskənlərinin inkişaf dinamikası araşdırılmışdır. Tədqiqatın məqsədi mədəni irsin hüquqi mühafizəsinin mövcud vəziyyətini qiymətləndirmək və region miqyasında tarixi məkanların davamlı inkişafını təmin edən əsas istiqamətləri müəyyənləşdirməkdir. 

Təhlil nəticəsində müəyyən olunmuşdur ki, UNESCO-nun 1972-ci il “Dünya Mədəni və Təbii İrsinin Qorunması haqqında Konvensiyası”, 1985-ci il “Avropa Memarlıq İrsinin Qorunması üzrə Granada Konvensiyası” və digər beynəlxalq sənədlər milli qanunvericilik üçün mühüm hüquqi baza rolunu oynayır. Azərbaycan Respublikasında qəbul edilmiş “Mədəni irs haqqında” və “Tarixi və mədəni abidələrin qorunması haqqında” qanunlar, eləcə də dövlət proqramları tarixi şəhərlərin bərpası və səmərəli istifadəsini təmin etməyə yönəlib. 

Gəncə-Qazax regionunun tarixi yaşayış məskənlərinin analizi göstərir ki, bu ərazidə qədim şəhərsalma ənənələri, memarlıq irsi və mədəni müxtəliflik uzunmüddətli inkişaf prosesinin nəticəsidir. XIX–XX əsrlərdə regionda iqtisadi və ticarət əlaqələrinin genişlənməsi şəhərlərin böyüməsinə səbəb olmuş, müasir dövrdə isə mədəni turizm və irs yönümlü layihələr onların sosialiqtisadi canlanmasına təkan vermişdir. 

Məqalədə Gəncə-Qazax regionunda tarixi yaşayış məskənlərinin qorunması və inkişafı hüquqi mexanizmlərin təkmilləşdirilməsi, ictimai iştirakçılığın artırılması və mədəni irsin turizm potensialı ilə inteqrasiyası hesabına daha səmərəli şəkildə həyata keçirilə bilər. Bu, regionun həm mədəni, həm də iqtisadi baxımdan davamlı inkişafına zəmin yaradır. 

AZƏRBAYCANIN DAĞLIQ-ŞİRVAN İQTİSADİ RAYONUNUN ŞƏHƏRSALMA SƏNƏDLƏRİNİN REALLAŞDIRILMASININ TƏHLİLİ

Novruz-zadə Şeyda Natiq qızı

PDF 50-57
0

Məqalədə Dağlıq-Şirvan iqtisadi rayonu üzrə regional planlaşdırma sahəsində hazırlanmış əvvəlki şəhərsalma sənədlərinin, Dağlıq Şirvanın inzibati rayonları üzrə kompleks regional planlaşdırma sxemlərinin, eləcə də bu rayona daxil olan şəhərlərin baş planlarının reallaşdırılmasının təhlili aparılmışdır. İşlənib hazırlanmış sənədlərin həyata keçirilmə dərəcəsi son 40 il ərzində istehsal bazasının inkişafı, demoqrafik vəziyyət, mənzil fondu, mədəni-məişət xidmətləri sistemi, turizm-rekreasiya təsərrüfatı, nəqliyyat və mühəndis infrastrukturu kimi əsas sahələr üzrə qiymətləndirilmişdir. Layihə sənədlərinin hesablanmış müddət ərzində reallaşdırılması zamanı yaranan problemlər və onların səbəbləri müəyyən edilmişdir. Əvvəlki şəhərsalma sənədlərinin reallaşdırılmasının təhlili onların əsas müddəalarının həyat qabiliyyətini müəyyənləşdirmək, uzun müddət ərzində əhəmiyyətini qoruyub saxlamış planlaşdırma strukturu elementlərinin inkişafının əsas meyllərini üzə çıxarmaq, eləcə də regionun inkişaf xüsusiyyətlərini müəyyən etmək məqsədilə aparılmışdır. 

EKOLOGİYA

“YAŞIL TRANZİT DƏHLİZİ” MODELİ

Seyidova N.Ş.

PDF 58-61
0

Məqalədə Zəngəzur dəhlizi çərçivəsində regional əməkdaşlıq imkanları, xüsusilə bərpa olunan enerji və ekoloji inteqrasiya aspektləri araşdırılır. 

Zəngəzur dəhlizi kontekstində ekoloji inteqrasiya imkanları və bu inteqrasiyanın regional əməkdaşlığa təsiri tədqiq olunur. Bölgənin təbii resurs potensialı, biomüxtəlifliyi və bərpa olunan enerji imkanlarını nəzərə alaraq, dayanıqlı inkişaf modelində ekoloji amillərin sistemli şəkildə inteqrasiya olunmasının vacibliyi əsaslandırılır. 

Zəngəzur dəhlizi yalnız iqtisadi və nəqliyyat baxımından deyil, həm də ekoloji koordinasiya və transsərhəd əməkdaşlıq üçün strateji imkanlar yaradır. Məqalədə ekoloji diplomatiya, yaşıl infrastruktur, transsərhəd enerji ehtiyatlarının idarə olunması və institusional inteqrasiyanın perspektivləri təhlil edilir. 

Zəngəzur dəhlizinin yaradılması ilə bağlı layihələr ekoloji davamlılıq prinsiplərinə əsaslanmalı və regional əməkdaşlıq, qarşılıqlı etimad mühitinin möhkəmlənməsi ilə dəstəklənməlidir. Nəticədə, bu dəhliz Cənubi Qafqazda yaşıl enerji əsaslı inteqrasiya və ekoloji transformasiyanın mühüm platformasına çevrilə bilər. 

NƏQLİYYATIN YAŞAYIŞ MÜHİTİNƏ TƏSİRİ

Elza Tofiq qızı Həsənova

PDF 62-66
0

Nəqliyyatın yaşayış mühitinə təsiri mövzusu çox geniş və müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bu mövzuda ətraf mühitin qorunması, şəhərsalma və urbanizasiya sahələrindəki inkişaflar və sosial-iqtisadi təsirlər geniş şəkildə araşdırılır. Azərbaycan hökuməti də ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Buna baxmayaraq, respublikada ekoloji problemlər öz aktuallığını itirmir.